“Formula-1” üzrə Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı

2017-ci ildə Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin biletləri bu gündən satışa çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Bakı Şəhər Halqasının keçirdiyi mətbuat konfransında məlumat verilib.

 

Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai öncə bu il keçirilən yarış barədə danışıb. O bildirib ki, yayda Bakıda keçirilmiş yürüşlə bağlı beynəlxalq auditoriyanın münasibətini öyrənmək məqsədilə çalışdığı qurum “Nielsen Sports” vasitəsilə azarkeşlərin “Formula-1”in ən yeni treki ilə bağlı yarışdan əvvəl və sonra olan düşüncələrini öyrənmək üçün iki mərhələdə sorğu keçirib. “Formula-1”ə ən çox maraq göstərilən 16 ölkədə baş tutan sorğuda bu çempionatın beynəlxalq auditoriyasının 2016 Avropa Qran-prisi haqqında məlumatlılığı, tanışlığı və marağı öyrənilib: “Sorğunun nəticələrinə görə, ölkələrin hamısından, xüsusən də Braziliya, İspaniya və Finlandiyadan olan iştirakçılar Bakının “Formula-1” təqviminə əlavə olunmasını böyük məmnuniyyətlə qarşılayıblar. Bu ölkələrin əksəriyyətindən, xüsusilə Macarıstan, Rusiya və Finlandiyadan olan sorğu iştirakçıları 2017-ci ildə keçiriləcək növbəti “Formula-1” yarışını yerində canlı izləmək üçün Bakıya gəlmək istədiklərini bildiriblər”.

 

Nigar Arpadarai iyunun 23-25-də təşkil olunacaq Azərbaycan Qran-prisinin “24 saat Le Man” marafonu ilə üst-üstə düşməyəcəyini və trekdə hansısa dəyişikliyin olmayacağını da vurğulayıb.

 

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim isə bu gün satışa çıxarılan biletlərin qiymətini açıqlayıb. O bildirib ki, biletləri erkən alanlar üçün 4 günlük 30 faizədək endirimli məhdud sayda biletlər təklif ediləcək: “Bu kampaniya yanvarın 31-dək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışlı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq. Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 22-də keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Dörd günlük endirimlə biletlərin qiyməti 150-550 manat, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti 60-150 manat arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq”.

 

Bülənt Özərdim artıq ilk biletin alındığını da vurğulayıb. Onun sözlərinə görə, ötən il birinci biletə şimali amerikalı azarkeş yiyələnmişdisə, budəfəki bilet satışa çıxarılandan cəmi 2 dəqiqə sonra İngiltərədən alınıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR