Ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb

Azərbaycanın ali təhsil sahəsi üzrə yeni akkreditasiya qaydaları hazırlanıb və bu, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) sənədinə əsaslanır.

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

 

Nazir deyib ki, xarici ekspertlərlə birgə hazırlanan qaydalara əsasən, təhsil müəssisəsinin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq. Bunlara missiya, vəzifə, strategiya, idarəetmə, insan resursları, təhsil proqramları, təhsil alanlar, elmi-tədqiqat fəaliyyəti, təlim resursları, tələbələrə dəstək xidmətlərinin daxil olduğunu deyən nazir vurğulayıb ki, biznes mühitinin daima yaxşılaşdırılması istiqamətində atılan addımlar nəticəsində bu gün ölkədə lisenziyalaşdırılan fəaliyyət növləri, istiqamətləri üzrə hansısa yeni bir işə başlamaq, o cümlədən təhsil müəssisəsi qurmaq çox sadə bir prosesə çevrilib. Sahibkar nöqteyi-nəzərdən çox düzgün və vaxtında atılmış bir addımdır.

 

Qeyd edək ki, Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıb. Hökumətin qərarı ilə 2015-ci ilin noyabrın 28-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. Yeni akkreditasiya qaydaları Avropa standartları və təlimatlarına uyğunlaşdırılıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR