Samir Şərifov: "Varlı adamlar daha çox ödəməlidir"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı səsləndirilən fikirlərə Maliyyə naziri Samir Şərifov münasibət bildirib.

 

APA TV-nin məlumatına görə, nazir parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin yerli icra hakimiyyəti orqanlarına dotasiyasının kəsilməsi ilə bağlı iradına cavab verib.

 

Samir Şərifov icra hakimiyyətlərinə ayrılan dotasiyaların mexanizmini belə izah edib: “Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq. Məhz bu səbəbdən bu zaman struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə bağlı qaldırılan məsələ yeni deyil. Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir. Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır. Bunun üçün hansısa mexanizm olmalıdır. Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur. Buna baxmayaraq, dövlət tərəfindən bu istiqamətdə vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. Düzdür, iri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi rayonlarda isə daha azdır”.

 

Samir Şərifov xüsusi vurğulayıb ki, rayonlara ayrılması nəzərdə tutulan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər.

 

Deputat Fəzail Ağamalının qaz və elektrik enerjisi üçün güzəştli kvotanın artırılması ilə bağlı təklifinə cavab verən nazir bildirib ki, Tarif Şurasının yeni qərarında əsas prinsip aşağı qiymətlərdən bütün təbəqələrin istifadə etməsi ilə bağlıdır: “İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən də istifadə edəcək. Tarif Şurasının qərarında əks olunduğu kimi, varlı adamlar daha çox qaz və elektrik enerjisi istehlak etdiyindən daha çox ödəməlidir. Əhalinin aztəminatlı təbəqəsinə gəlincə, artımın əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəsinə təsirini azaltmaq üçün ünvanlı sosial yardım məbləğinin artırılması nəzərdə tutulur. Tarif Şurasının yeni qərarı ilə artan daxilolmaların əksər hissəsi ünvanlı sosial yardımların artırılmasına yönəldiləcək. Hesab edirəm ki, bu yanaşma düzgündür. Çünki, tarif islahatının aparılması ilə əlaqədar əhalinin sosial həssas qruplarının müdafiəsi xüsusi önəm daşıyır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, kommunal xidmətləri yüksək və keyfiyyətli göstərməsi üçün bu qurumların maliyyə durumu yaxşı olmalıdır. "Azərişıq" və "Azəriqaz"ın gəlirləri isə topladığı haqlardan asılıdır”.

 

Bununla da 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi başa çatıb. Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR