Arif Rəhimzadə: "Samir Şərifovun təklifini eşidəndə xəcalət çəkdim”

"Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcə formalaşdırılması barədə təklifini eşidəndə xəcalət çəkdim”. APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

 

Deputat bildirib ki, rayonlara dotasiya ayrılmaması və yerli büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və buna ziddir: “Nəyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq? Yoxsa avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. "Get, özünü maliyyələşdir" - bu nə deməkdir? Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin yerində həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır”.

 

Deputat Fəzail Ağamalı isə deyib ki, Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır: “Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırılması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istilik sistemi olmadığına görə yenə həmin problem var. Tarif Şurasını qərarı və Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməti artıb ki, nəticədə tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək?”

 

Deputat Qüdrət Həsənquliyev Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklifi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur: “İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların orta sayı bizdəkindən iki dəfə azdır. Heç olmasa, gəlin inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq ki, buradan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Onsuz da əksər məmurların maaşı o qədər çox deyil. Amma biz bu ixtisarlarla həm büdcəyə qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyəsi məmurların normal maaş almasına şərait yaradarıq”.

 

Ombudsman Elmira Süleymanova isə tələbələrin və hərbçilərin problemi ilə bağlı məsələ qaldırıb. O bildirib ki, sənədsiz ev sahibi olan vətəndaşların hüquqları təmin edilməlidir: “Bununla bağlı qanun layihəsi qəbul edilməlidir. Bu cür evlərin sayı rəsmi şəkildə 500 mindir. Bu problemin həll edilməsi yığılan vergi və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlər gətirə bilər. Bu böyük məbləğdir”.

 

Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, deputat Şahin İsmayılov çıxışında bildirib ki, Gənclər Fonduna ayrılması nəzərdə tutulan vəsait də artırılsa, daha yaxşı olar.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR