"The Times": Ərdoğan Putinin razılığı ilə Suriyada...

Türkiyə Suriyanın şimalında tampon bölgə yaratmağa başlayıb. APA TV-nin məlumatına görə, ingilis "The Times" qəzeti Rusiya ilə Türkiyənin bir çox məsələdə razılığa gəldiyini iddia edib.

 

Xəbərdə qeyd olunur ki, Suriyada ölkə daxili döyüşlər başlayandan bu yana fərqli tərəfləri dəstəkləyən Ərdoğan ilə Putin son bir həftə içində üç dəfə telefonla danışıb. Danışıqların əsas mövzusu Suriyadakı son vəziyyət və Hələb ilə bağlı baş verənlər olub.

 

Türkiyə Rusiyanın gizli razılığı ilə sərhədin Suriya tərəfində "müvəqqəti tampon bölgə" yaratmağı bacarıb. Türk ordusu və müxaliflər hazırda Hələblə Rəqqa arasında İŞİD-in əlində qalan son qəsəbə olan Əl Baba doğru irəliləyir. Türkiyə hökumətindəki mənbələr isə mühasirəyə alınan qəsəbəyə hücumun dayandırılacağı və işin siyasi yolla həll olunacağını bildirib. Ərdoğan daha öncə Menbiç və Rəqqaya doğru irəliləyəcəklərini açıqlamışdı.

 

Bildirilir ki, Türkiyə Əsəd rejimi ilə qarşı-qarşıya gəlmək istəmir, sərhədə bitişik terrordan təmizlənmiş bölgə yaratmaq fikrindədir. Əziz və Cerablus arasında təxminən 90, cənuba doğru isə 30 kilometr sahəsində tampon bölgə yaratmağa başlayıb. 

 

Qeyd edək ki, Rusiya nümayəndələri ilə Suriya müxalifətinin Türkiyədə görüşdüyünü qərb mətbuatı da yazıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR