Əlillərin toxuduğu xalçaların satış-sərgisi keçirildi
3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar bir qrup əlilliyi olan şəxsin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub.
APA TV-nin məlumatına görə, sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə 15-dək xalça satışa çıxarılıb.
"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev bildirib ki, rəhbəri olduğu təşkilat Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsini icra edir. Layihə çərçivəsində Sumqayıt şəhərində və İsmayıllı rayonunda bir qrup əlilliyi olan şəxsə milli xalçaların toxunması və bərpası üçün lazımi avadanlıqlar verilib və onların məşğulluğu dəstəklənib: "Biz bunu əlilliyi olan insanların əli ilə etmək istədik. Biz buna nail olduq. Yüksək keyfiyyətlə əlilliyi olan şəxslərin toxuduğu xalçaların çoxu sərgidən sonra demək olar ki, satıldı. Bizim hazırda Sumqayıt şəhərində emalatxanamız var və hər bir rayonda belə emalatxanaların yaradılmasını istərdik".
Aybəniz Nəsirova isə özünün toxuduğu 6 balaca xalçanı sərgidə nümayiş etdirib: "Mənim öz sənətim modelyer dizaynerdir. Həm də təkəlduz sənəti ilə məşğulam. Xalçaya da həvəsim var, toxuyuram. Bu xalçanı toxumuşam. Bunun gözəl növü var. Bu xalçaları oturacaq stulları üçün toxumuşam".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da sərgidə nümayiş olunan xalçalara baxıb. Nazir hazırda Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olduğunu, bu qəbildən olan insanların sosial təminat sistemi ilə əhatə olunduqlarını, əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizə qədərinin əlilliyi olan şəxslər olduğunu bildirib: "Bu insanların cəmiyyətə inteqrasiyası istiqamətində müvafiq addımlar atılır. Məsələn, yaşayış binalarında, infrastruktur layihələrində əlilliyi olan şəxslərin sərbəst hərəkət etməsi üçün bütün lazımi tədbirlər görülür. Bundan başqa, əlilliyi olan şəxslərin ölkənin əmək bazarında təmsil olunması da olduqca vacibdir. Hazırda 31 mindən çox əlilliyi olan şəxs əlilliyə görə əmək pensiyası almaqla yanaşı, həm də əmək bazarında öz fəaliyyətini davam etdirir".
Qeyd edək ki, son illərdə Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 40,6 min nəfərdən çoxu, yəni 71 faizi əlilliyi olan şəxslərdən ibarətdir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər