Qaz borusu partladı, elektrik dirəyi aşdı, ev yandı - LƏNKƏRANDA AĞIR QƏZA
Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 8:00-da Lənkəran-Boradigah şosesinin rayonun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Separadi kənd sakini İlqar Şərif oğlu Məcidovun idarə etdiyi “Ford” markalı, 99 EA 142 dövlət nömrə nişanlı yük avtomobili rayonun Cil kənd sakini Bəhmən Süleyman oğlu Rəsulovun idarə etdiyi “VAZ 2107” markalı, 10 EE 198 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “Ford” idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə, rabitə avadanlığına və qaz borusuna çırpılıb. Nəticədə qırılmış qaz borusundan qaynaqlanmış güclü alov dalğası yaxınlıqdakı yaşayış evinə keçib. Həmçinin “Ford”un mühərrik hissəsi də yanaraq sıradan çıxıb.
Hadisə yerində olan yerli sakinlərin və Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsinin səyləri ilə yanğın söndürülməklə, onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə, eləcə də qaz, elektrik və rabitə təsərrüfatına ciddi ziyan dəyib.
Qəzanın başvermə səbəbləri avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər