Türkiyə parlamenti "Türk axını" layihəsini təsdiqlədi

Türkiyə Böyük Millət Məclisi "Türk axını" qaz kəmərinin çəkilişini nəzərdə tutan müqaviləni ratifikasiya edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, müqavilənin lehinə 210, əleyhinə 7 millət vəkili səs verib, 6 parlamentar isə bitərəf qalıb.

 

Sözügedən anlaşma hər birinin illik ötürmə gücü 15,75 milyard kubmetr olacaq iki zolaqdan ibarət xəttin çəkilişini nəzərdə tutur.

"Türk axını" layihəsinin reallaşdırılması üzrə hökumətlərarası müqavilə bu ilin 10 oktyabr tarixində imzalanıb. Rusiya prezidenti Vladimir Putin "Türk axını" layihəsini prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin regional enerji şəbəkəsinə çevrilməsi istiqamətindəki planlarının tərkib hissəsi adlandırıb.

 

Razılaşmanın detalları ilə bağlı mətbuata sızan məlumatlarda boru kəmərinin quruda yerləşən hissəsinə Türkiyə, dənizdən keçən sahəsinə isə Rusiya şirkətlərinin nəzarət edəcəyi qeyd olunub.

"Türk axını" Qara dənizin dibi ilə çəkiləcək iki qaz kəmərinə verilən addır. Sözü gedən kəmərlərdən biri mavi yanacağın Türkiyə bazarına, digəri isə bu ölkənin ərazisindən keçməklə Avropaya nəqlinə hesablanıb.

 

Qeyd edək ki, müqaviləyə əsasən kəmərin tikintisinin 2019-cu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR