Xızı-Altıağac yolundakı torpaq sürüşməsi aktivləşib

Xızı-Altıağac yolunda baş verən sürüşmə yol infrastrukturuna ciddi ziyan vurub.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, noyabrın 23-də qeydə alınan torpaq sürüşməsi aktivləşib. Nəticədə 11 yaşayış məntəqəsini birləşdirən yolun bir neçə hissəsində ümumilikdə bir kilometrədək məsafədə çökmələr baş verib, asfalt qatı dağılıb.

 

Torpaq sürüşməsindən sonra Xızı-Altıağac yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılsa da, bir müddət sonra bərpa olunub.

 

Rahid Niyazov, sürücü: "Təbii hadisədir, olub da. Gül kimi asfalt vurmuşdular, indi sürüşüb. Təxminən 2-3 km çatlayıb".

 

Xızı-Altıağac yolu yeni çəkildiyindən, 3 qat asfaltın bir qatı vurulub. Sürüşmə nəticəsində yolboyu istinad divarları və yol kənarında hasarlar 2 metr irəli gəlib. 1 say Yİİ-nin rəisi Hidayət Rzayevin sözlərinə görə, yolda hərəkətin bərpası üçün “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və texnikası əraziyə cəlb edilib: "Birinci dəfədir Altıağac yolunda sürüşmə olub. Hazırda yolda hərəkət bərpa olunub. Yolda qabaqlayıcı tədbirlər görülür. Çalışacağıq ki, tezliklə aradan qaldırılsın. Sürüşmə yerləri bərpa olunacaq və asfaltlanacaq".

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, sürüşməyə atmosfer yağıntıları və noyabrın ortalarında Xəzər dənizində baş vermiş zəlzələnin təsiri səbəb olub.

 

Xızı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Xızı-Altıağac avtomobil yolunun 16-17-ci kilometrliyində sürüşmə yoldan savayı, əhalinin təbii qaz və elektrik enerjisi ilə təminatında da problemlər yaradıb. Hadisə nəticəsində Altıağac qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinə də ziyan dəyib.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR