Rafael Hüseynov: "Mədəniyyət sahəsinə müdafiə sahəsi qədər pul ayrılmalıdır"
“Milli Oftalmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin. Mən də Milli Oftalmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim və mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır”. APA TV-nin xəbərinə görə, bunu deputat Qənirə Paşayeva 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.
“Buynuz qişa toxumalarının xarici ölkəyə gətirilməsinin və bu növ göz əməliyyatın keçirilməsinin qadağan olunması ilk növbədə səhiyyəmizin adına müsbət hal deyil. Bu gün yüzlərlə insan gözün buynuz qişasının əməliyyatına görə növbələrdədir. Amma bu cür qadağalara görə az qalsın ki, minlərlə insan göz nurundan məhrum qalsın. Xahiş edirəm ki, bu cür qadağalar aradan qaldırılsın” - deyə o qeyd edib.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qeyd edib ki, iqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar, ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur: "Müdafiə sahəsi ölkə üçün nə qədər əhəmiyyətlidirsə və ona hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır. Mədəniyyət də o qədər ölkə üçün əhəmiyyətlidir. Yəni mədəniyyət ölkənin, xalqın simasıdır. Buna görə də büdcə formalaşdırılarkən mədəniyyətə ənənəvi yanaşmadan əl çəkməli, bu sahəni önə çəkməli və bu sahəyə diqqət yetirməliyik".
Komitə sədri onu da əlavə edib ki, maliyyə naziri Samir Şərifov və baş nazir Artur Rəsizadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən bu məsələni nəzərə almalıdırlar.
Millət vəkili Bəxtiyar Əliyev Hesablama Palatasının dövlət siyasətinə uyğun olmayan mövqe nümayiş etdirdiyini qeyd edib. Deputat bildirib ki, Hesablama Palatasının rəyi onda təəccüb doğurur: “Hesablama Palatasının rəyinə qulaq asdım və mənim üçün orada dövlət siyasətinin ziddinə olan fikirlərə rast gəldim. Bu da ondan ibarətdir ki, elm və təhsil ocaqlarının əmlak və mənfəət vergisinə cəlb olunması ilə bağlı təkliflər öz əksini tapıb. Doğrusu, bu, məndə təəccüb doğurdu. Bu gün ölkə başçısı başda olmaqla hamımız istəyirik ki, ölkədə müasir texnologiyalara malik təhsil ocaqlarına, elmin inkişafına nail olaq. Biz daha çox elm sahəsinin inkişafa və bunun nəticəsində ölkəmizdə müasir standartlara uyğun olan məhsulların və avadanlıqların istehsalına nail olmağa çalışırıq. Buna ona görə nail olaq ki, daha hər avadanlıqdan ötrü xarici ölkəyə sifariş verməyək, öz alimlərimizin ixtirası ilə istehsal olunan məhsullardan istifadə edək. Məhz buna görə də ölkə başçısı xaricdən satınalmalara qadağa qoyub”.
Deputat Rəşad Mahmudov deyib ki, bu gün ölkədən xaricə gedən ən böyük valyuta hissəsinin kanallarından biri də səhiyyə sahəsidir. Bütün ölkələrdə təhsillə səhiyyə arasında 2 qat qiymət fərqi mövcuddur. Bizdə isə bu sahədə tamamilə tərs mütənasiblik var. O, səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan Əlavə Dəyər Vergisinin (ƏDV) yüngülləşdirilməsini də təklif edib: “ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-nin 18-dən 8-ə endirilməsi əslində xəstələrdən gələn gəlirləri və büdcə daxilolmalarını artıracaq. Vergi yükü azalsa, xəstələrin də ödəmə qabiliyyəti yüksələr”.
Büdcə müzakirələri sabah da davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər