Samir Şərifov: "Gələn ilin dövlət büdcəsi layihəsinə yenidən baxılması istisna edilmir"

“2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artım proqnozlaşdırılır. Şəhid olanların uşaqlarına verilən müavinətlər isə 2.9 faiz artırılıb”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

 

Deputat bildirib ki, bütün bunlar dövlət başçısının vətəndaşlara qayğısı və onlara göstərilən xüsusi diqqətin göstəricisidir: “Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə 1.8 faiz artıq vəsait ayrılıb ki, bu da təqribən 2 milyard 53 milyon manat təşkil edir. Gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqlarının artırılması üçün 2017-ci ilin büdcəsində 436 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, 2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir. O, rəhbərlik etdiyi qurumun apardığı aktuar hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikləri açıqlayıb: "Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir. Əməkqabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır".

 

Nazir əlavə edib ki, gələn il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur.

 

Maliyyə naziri Samir Şərifov isə gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb. Onun sözlərinə görə, 2017-ci il və orta müddətli dövrdə dövlət büdcəsinin gəlir və xərclərinin icrası üçün bir sıra risk faktorları mövcuddur: "Bilirsiniz ki, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin qiyməti 40 dollardan götürülüb. Yəni neftin qiymətinin bu səviyyədən az olması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması, ölkədə iqtisadi artımın proqnozlaşdırılandan daha az olması və xarici mühitdə baş verəcək digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında müəyyən çətinliklər mümkün ola bilər. Risk faktorlarının gerçəkləşdiyi təqdirdə yarana biləcək kəsiri bağlamaq üçün dövlət və icmal büdcənin xərclərinin azaldılması və digər zəruri tədbirlərin görülməsi istiqamətində atılacaq addımlar kifayət etmədikdə, dövlət büdcəsi layihəsinə baxılması istisna edilmir".

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR