Göyçayda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Göyçay rayon İcra Hakimiyyəti birgə olaraq dekabrın 1-də “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə idarə və təşkilatların rəhbərləri, müəllimlər, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar iştirak ediblər.

 

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi vətənpərvərlik mövzusunda video-çarx nümayiş olunub.

 

Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışıblar. Natiqlər ordu quruculuğu sahəsində aparılan davamlı işlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin bütün göstəricilərinə görə regionun ən qüdrətli ordusu statusunu qazandığını qeyd ediblər. Bildirilib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı siyasət Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə güclənməsi ilə nəticələnib. Diqqətə çatdırılıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirdiyi işlər milli düşüncəli gənc nəslin formalaşmasına müsbət təsir edir.

 

Tədbirdə aprel döyüşləri zamanı şəhid olan Teymur Qasımovun atası Mikayıl Qasımova, Qarabağ müharibəsi veteranları, çağırışaqədərki hazırlıq qrupunun rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

 

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Göyçay rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR