Elmar Məmmədyarov: "Biz imitasiya üçün danışıqlar aparmırıq"

"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir". APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılsın. Onlar da oranın sakinləridir".

 

Nazir Ermənistan tərəfinin hələ də Hamburq görüşü ilə bağlı cavab vermədiyini bildirib: "Hər dəfə deyirik ki, biz imitasiya üçün danışıqlar aparmırıq. Biz gərək sülh naminə işləyək. Onlar görüşdən də qaçırlar. Demək sülh prosesinə dəstək vermirlər".

 

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb: "Bu yaxınlarda bu barədə parlamentimizdə sənəd qəbul olunub. İstəyirik ki, münaqişə sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR