İran Mədəniyyət Mərkəzinin rəhbəri: "Qarabağımız uğrunda vuruşub onu geri almalıyıq"

“Bu gün Şimali Qafqazda müharibələr, münaqişələr yoxdur. Bu, Qafqaz Xalqları Ali Dini Şurasının gördüyü işlərin nəticəsidir”. APA TV-nin məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin  sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

 

QMİ sədri qeyd edib ki, Vladimir Putinin dövlət başçısı seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib: “Qafqazda münasibətlər, Qafqaza olan münasibətlər dəyişdi. Qafqazda sabitlik yarandı, sabitlik bu gün də davam edir. Mən Dağıstanın, Çeçenistanın bugünkü vəziyyətini görəndə fərəhlənirəm. Şimali Qafqaz Azərbaycanla birlikdə çiçəklənir”. 

 

Qeyd edək ki, Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilib. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digərlər şəxslər iştirak edirlər.

 

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub.  Müraciəti millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev oxuyub.

 

Konfransda çıxış edən Allahşükür Paşazadə bildirib ki, konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. Şeyxülislam bu mənada Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.

 

Gürcüstan pravoslav kilsəsinin nümayəndəsi, yepiskop Dmitri isə bildirib ki, qarşılıqlı hörmət iki ölkə xalqları arasında münasibətlərin əsasını təşkil edir.

 

Moskva və bütün Rusiyanın patriarxı Kirillin konfrans iştirakçılarına müraciətində bildirib ki, Rusiya və Azərbaycan bir-biri ilə sıx bağlıdır.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanın tolerantlığı dünyanın 28 ölkəsində tədris olunur.

 

"Biz İran olaraq hər kəsə qarşı tolerantıq, amma bu o demək deyil ki, Qarabağı işğal edənlərə qarşı da tolerant olacağıq". Bunu isə İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.  O qeyd edib ki, Qarabağ Azərbaycandan - din qardaşlarından zorla alınıb: "Biz gözləsək, tolerantlıq nümayiş etdirsək, onlar Qarabağı geri qaytarmayacaq. Bu dəqiqdir! Ona görə də haqqımız uğrunda - Qarabağımız uğrunda vuruşmalı, onu geri almalıyıq. Qarabağ bizim haqqımızdır. Müqəddəs Qurani-Kərim də buyurur ki, haqqın uğrunda vuruş!"

 

Sonda Qafqaz Xalqları Ali Dini Şurası Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR