Bakıda Azərbaycan-ABŞ biznes forumu keçirildi

Bu gün ADA Universiteti və Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Azərbaycan-ABŞ biznes forumu keçirilib.

 

APA TV-nin məlumatına görə, forumun əsas məqsədi iki ölkə arasında biznes əlaqələrinin gücləndirilməsi üçün Azərbaycanı, onun iqtisadi potensialını, imkan və perspektivlərini Amerika şirkətlərinə təqdim etməkdir.

 

Forumda açılış nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova ikitərəfli iqtisadi əlaqələrin gələcək inkişafı, yeni əlaqələrin yaradılması və yeni imkanların aşkarlanması istiqamətində forumun əhəmiyyətini vurğulayıb.

 

İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, ABŞ Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyub. Təkcə neft sektoruna 9 milyard dollar yatırıldığını deyən nazir müavini ABŞ iqtisadiyyatına qoyulan Azərbaycan sərmayələrinin təqribən 3 milyard dollar təşkil etdiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə bildirib ki, gələn ilin may ayında Amerikada İpək Yolu dəhlizinin inkişafı ilə bağlı forum keçiriləcək.

 

Forumda  Dövlət Gömrük Komitəsi və Amerika Ticarət Palatası arasında anlaşma memorandumu imzalanıb. Sənədi DGK sədri Aydın Əliyev və "AmCham"ın prezidenti İlqar Vəliyev imzalayıblar. Memorandum "AmCham"a üzv olan şirkətlər üçün sərhəd-gömrük məntəqələrində malların və nəqliyyat vasitələrinin daşınmasında "Yaşıl dəhliz"in və digər keçid sistemlərinin istifadəsini nəzərdə tutur.

 

Forumda həmçinin ADA Universiteti, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR