“Lənkəran Payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirildi
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran Bələdiyyəsinin təşkilatı dəstəyi ilə “Lənkəran Payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi daşıyan tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə açıb.
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli isə çıxışında tədbirin bölgə üçün əhəmiyyətindən danışaraq, onun xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynayacağını qeyd edib.
Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisinə baxış keçiriblər. Burada təqdim olunan yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri böyük diqqətə səbəb olub. Mərkəzin tamaşa zalında folklor və yaradıcılıq klubları üzvlərinin ifasında səslənən xalq mahnıları və rəqslər böyük maraqla qarşılanıb. Festivalda məşhur “Nənələr” folklor qrupu da tamaşaçılara yeni mahnılarını təqdim edib.
Sənətkarlıq sərgisinin və folklor festivalının laureatları tədbirin təşkilat komitəsinin fəxri fərman, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər