Səttar Möhbalıyev: “Elektrik enerjisi və qazın bahalaşması işsizliyin artmasına təkan verəcək”

“Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin artmasına təkan verəcək”. APA TV-nin xəbərinə görə, bu sözləri deputat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev parlamentdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, artıq bununla bağlı iş adamları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər: “Misal üçün, bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini bildirdi. Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə fəaliyyətini dayandıracaq və işçiləri ixtisara salacaq. Bu da işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?”

 

Səttar Möhbalıyev xəstəxanaların özəlləşməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Ən azından işçilərə alternativ iş yeri təklif olunmalıdır. Onlar iş yerləri ilə təmin olunmalıdır ki, sonra müəssisə özəlləşdirilməyə çıxarılsın. Bu gün özəlləşdirilməyə çıxarılacaq kifayət qədər istifadəsiz müəssisələr var, qoy onlar öncə çıxarılsın. SOCAR-a məxsus yetərincə istifadəsiz istirahət mərkəzləri var. Qoy onlar çıxarılsın. Müəssisə özəlləşən zaman insan amili öndə olmalıdır”.

 

“Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər” deyən millət vəkili Əli Məsimli qeyd edib ki, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq: “Yox, əgər real olaraq düzgün mexanizm tətbiq edə bilməyəcəksə, bu, ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.

 

Deputat vurğulayıb ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşmaya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək.

 

Deputat Zahid Oruc bəzi rayonlara dövlət büdcəsindən ayrılan vəsaitin kəsilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib ki, 33 rayona mərkəzləşmiş büdcədən ayrılan vəsait dayandırılmayıb: "Azərbaycanda 2017-ci ilin büdcə maliyyələşdirilməsində mexanizmlər dəyişdirilib. Bu da bir çox ekspertlərdə rayonlara ayrılacaq vəsaitlərin dayandırılacağı rəyini yaradıb. Reallıqda isə rayonların, əsasən də 33 bölgənin mərkəzi büdcədən maliyyələşməsi dayandırılmayıb. Sadəcə olaraq forma dəyişib. Məsələn, artıq bir sıra bölgələrdə təhsil üzrə maliyyələşmə zonalar üzrə həyata keçirilir. O cümlədən səhiyyə və digər strukturlarla da əlaqədar oxşar mexanizmlər yaradılmaqdadır. Belə olan təqdirdə mədəniyyət xərcləri həmin bənd üzrə büdcədə göstərilir. Bu zaman bəzilərində belə bir fikri yaranıb ki, yəqin bu maliyyələşmənin ləğvi deməkdir”.

 

Millət vəkili Fazil Mustafa qeyd edib ki, Bakının yükü azaldılmalı, regionların iqtisadi inkişafına diqqət yetirilməlidir: "Təbii ki, vətəndaşların problemi ilə bağlı da çox ciddi məsələlər var. Qazın, işığın və s. qiymətlərin sabit qalması gözlənilən deyil. Çünki bizdən asılı olmayan səbəblər var. Mən görürəm ki, beş nazirlik artıqdır. Rusiya ilə, dünya ilə müqayisədə. Bu məsələlərə özümüzün gələcək taleyimizi düşünərək baxmaq lazımdır".

 

İclas müzakirələrlə davam etdirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR