Samir Şərifov yeni qaz və enerji tariflərindən danışdı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi müzakirə edilib.

 

APA TV-nin məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dünyanın bir parçası olduğundan, baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib.

 

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. O, 2017-ci ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.

 

Nazir deyib ki, 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır: "Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7% həcmində nəzərdə tutulur. 2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 mlrd. manatı və ya 6,4%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2%-i sənayenin, 6,1 mlrd. manatı və ya 10%-i tikintinin, 24,3 mlrd. manatı və ya 39,6%-i xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8%-i məhsula və idxala xalis vergilərin payına düşəcək".

 

2017-ci il dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat məbləğində proqnozlaşdırılıb. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370,0 mln. manat və ya 14,9% azdır.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4889,1 mln. manat və ya 2,4 dəfə çoxdur.

 

Samir Şərifov qeyd edib ki, Tarif Şurasının 2 gün əvvəl qəbul etdiyi qərarla bir sıra enerji məhsulları üzrə differensiyalaşdırılmış tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar olaraq 2017-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulmuş gəlirlər üzrə daxilolmaların artacağı proqnozlaşdırılır.

 

Nazir bildirib ki, həmin artımın əhəmiyyətli hissəsi prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR