“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimat mərasimi keçirildi

Millət vəkili, yazıçı-publisist Elmira Axundovanın  “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“İlxam Aliev. Portret prezidenta na fone peremen”) kitabının təqdimat mərasimi keçirilib.

 

APA TV-nın məlumatına görə, çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə prezident İlham Əliyevin 21-ci əsrin böyük şəxsiyyətlərindən biri olduğunu bildirib.

 

A.Əlizadə kitabda İlham Əliyevin lider kimi keyfiyyətlərindən bəhs olunduğunu nəzərə çatdırıb. Bu kitabın Azərbaycan həqiqətlərinin rus dilində dünyaya çatdırılmasına böyük töhfə verəcəyini deyən A.Əlizadə əlavə edib ki, kitabın aparıcı dillərə tərcümə edilərək nəşr edilməsinə ehtiyac var: "Elmira xanım qarşıya qoyduğu məqsədin öhdəsindən uğurla gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gözəl, əzəmətli, orijinal portretini öz qələminin gücü ilə yarada bilmişdir. Təqdim olunan  kitabın əsas ağırlıq mərkəzini İlham Əliyevin müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi fəaliyyəti təşkil edir".

 

 Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov kitabda dəyərli məlumatların əksini tapdığını söyləyib.

 

Kitabın müəllifi, millət vəkili E.Axundova isə deyib ki, bu kitab Azərbaycan və rəhbəri barədə az məlumatlı olan xarici auditoriya üçün nəzərdə tutulub. Artıq bir neçə xarici nəşriyyat kitabla maraqlanır və nəşr etmək niyyətindədir: "Mənim əsas hədəfim İlham Əliyevin portretini yaratmaq, onun öz xalqının həqiqi liderinə və son illərin ən parlaq siyasi xadimlərindən birinə çevirən şəxsi insani keyfiyyətlərini əks etdirmək idi. Bu kitabın ərsəyə gəlməsinin ideya müəllifi akademik Ramiz Mehdiyevdir".

 

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, millət vəkili, politoloq Rasim Musabəyov, millət vəkili, tarixçi Musa Qasımlı və yazıçı Natiq Rəsulzadə də çıxış ediblər. 

 

Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovPrezident Administrasiyası rəhbərinin müavini,  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkilləri, media rəhbərləri iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR