Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanıb
Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.
APA TV-nin xəbərinə görə, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır.
Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq.
Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Buna paralel olaraq tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir. Ümumilikdə yolun 60 min kv. m ərazisinin asfaltlanması nəzərdə tutulub.
Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər