Qəbələdə daşqınlar və iqlim dəyişikliyi mövzusunda seminar keçirildi

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Qlobal Ətraf Mühitin Mühafizəsi Fondu (GEF) Fövqəladə Hallar Nazirliyi ilə birlikdə Qəbələ şəhərindəki “Qafqaz Sport” otelində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar təşkil edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən seminarda yerli dağ icmalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının və tərəfdaş qurumların əməkdaşları, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib.

 

BMTİP-in Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev seminar iştirakçılarını salamlayaraq bildirib ki, bu layihənin məqsədi iqlim dəyişikliyi risklərinin yerli dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə daxil edilməsidir.

 

Seminar qrup müzakirələri formasında keçirilib. İştirakçılar erkən xəbərdarlıq sisteminin komponentləri, o cümlədən risklərin qiymətləndirilməsi, monitorinq və xəbərdarlıq, kommunikasiya və təşviqat, cavab qabiliyyəti ilə bağlı öz tövsiyələrini bölüşüblər.

 

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Gündüz Həmzəyev iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib. Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib.

 

Sonda tədbir iştirakçılarına və layihə çərçivəsində fəal iştirak edən yerli icma üzvlərinə sertifikatlar təqdim olunub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR