Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı
Bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr edilmiş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, mərkəzin təşkilat şöbəsinin müdiri Eldəniz Muradov bildirib ki, QİÇS bütün dünyada olduğu kimi, Azərbaycanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir.
Onun sözlərinə görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov qeyd edib ki, 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 450-nin (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfərinin (3,0%) isə əcnəbi olduğunu deyən şöbə müdiri vurğulayıb ki, qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır: “Ümumilikdə 2016-cı ilin bu gününə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-də İİV-ə yoluxma infeksion narkotik istifadəsi nəticəsində, 42,7%-də heteroseksual, 1,9%-də homoseksual kontakt nəticəsində, 1,8%-də isə anadan uşağa keçməklə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib”.
Şöbə müdiri əlavə edib ki, ötən il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər