Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd edib və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanla İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb. Dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını deyib. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaqlar.
İki ölkə prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyən Mahmud Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər