Azərbaycanda "Əmək" ordeni təsis edildi

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə keçirilib.

 

APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual, Vergi məcəllələrinə və bir sıra qanunlara dəyişikliklər olmaqla, eləcə də "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə" haqqında qanun layihəsi daxil olmaqla, 37 məsələ salınıb.

 

İclasda “Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Həmçinin tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.

 

"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanuna düzəlişlər də parlamentin müzakirəsinə çıxarılıb.

 

Deputat Qüdrət Həsənquliyev bildirib ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarından kim Azərbaycana sərmayə qoyacaqsa, ona vergi və gömrüklə bağlı xüsusi güzəştlər nəzərdə tutulmalıdır: “Prezidentin çağırışından sonra Diasporla İş üzrə Dövlət Komitəsi də bu məsələ ilə bağlı görüşlər keçirməlidir. Biz də bu işə qoşulaq və qanunvericiliyə bununla bağlı düzəlişlər edək ki, Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı və marağı artsın”.

 

Spiker Oqtay Əsədov isə bildirib ki, qanundakı düzəlişlərdə “şərait yaradılması” fikri elə həmin şəxslərə qeyd olunan güzəştləri nəzərdə tutur.

 

Qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir. Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq.

 

Layihə səsə qoyularaq qəbul olunub.

 

Plenar iclasda "Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, "Əmək" ordeni ilə Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

 

"Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.

 

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb və qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR