Lənkəranda 7 yaşlı məktəblinin ölümünün təfərrüatları məlum olub

Lənkəranda 7 yaşlı qızın ölümünün bəzi təfərrüatları məlum olub. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, ötən gün Lənkəran şəhər 7 saylı orta məktəbinin II sinif şagirdi, 7 yaşlı Xədicə Ramin qızı Ağayevanın səhhəti dərsdə ikən qəfildən pisləşib.

 

Dərhal bu barədə həmin tədris müəssisəsində çalışan anası Nərgiz Ağayeva məlumatlandırılıb. Daha sonra uşağın atası Ramin Ağayev məktəbə gəlib və Xədicə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

 

Məktəbin direktor müavini Nurəddin Rəhimovun sözlərinə görə, Xədicə Ağayevanın səhhətində indiyədək hər hansı bir problemin yaşandığı müşahidə olunmayıb.

 

Xəstəxanada həkimlərin müayinəsindən və ilkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra Xədicə Ağayevanın vəziyyəti yenidən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Lənkəran MRX-dan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Xədicə Ağayeva 7 aylığında dünyaya göz açıb. Körpəlikdən epilepsiya, şəkər, ağ ciyər ödemi, ensefalopatiya kimi xəstəliklərdən əziyyət çəkib.

 

7 yaşlı qızcığaz bu gün torpağa tapşırılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR