Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb.

 

APA TV-nin məlumatına görə, bədii yaradıcılıq növləri üzrə ilk yerlərə layiq görülən şəxslərə diplom və mükafatlar təqdim edilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiya sistemi ildən-ilə yaxşılaşır. Eyni zamanda əlillərin sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onların cəmiyyət həyatında fəal iştirak imkanlarının genişləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi də diqqət mərkəzindədir: "Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi bizim əlillərin Azərbaycan cəmiyyətində öz hüquqlarını həyata keçirməyə, cəmiyyətin yararlı vətəndaşı, üzvü olmaqla, özlərini göstərməyə imkan verir. Ümumiyyətlə, tədbirlərdə insan öz qabiliyyətini göstərirsə, həmin insanın gələcəkdə daha da inkişafına şərait yaradılır".

 

Mükafatlar 4 nominasiya üzrə I, II və III yerlərə layiq görülənlərə təqdim edilib. Qaliblər bu müsabiqənin onların yaradıcılıq əzminin artırılmasında, cəmiyyətə inteqrasiyasında mühüm stimul olacağını bildiriblər: "Bizə dəyər verildi, bizi qiymətləndirdilər və mən 2-ci yerə layiq görüldüm. Bu, bizim üçün böyük qiymət, dəyər, sevincdir. Bunu sözlə ifadə etmək mümkün deyil. Bunu ancaq yaşayan bilər".

 

Qeyd edək ki, baxış-müsabiqəsi paytaxtla yanaşı, ölkənin bir sıra rayonlarında 500 nəfərə yaxın əlil şəxs və sağlamlıq imkanları məhdud uşaq arasında keçirilib. Onlar muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə istedad və bacarıqlarını nümayiş etdirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR