Prezident İlham Əliyev: “Azərbaycan və Belarus beynəlxalq qurumlarda bir-birini fəal dəstəkləyir”

“Biz Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq. Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır”. APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə mətbuata bəyanatla çıxışı zamanı deyib.

 

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindədir:

 

“Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir”.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Belarusun qarşılıqlı fəaliyyətinin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir.

 

“Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik”.

 

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Azərbaycanla münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

 

“Praktiki olaraq bütün məsələlər üzrə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Biz çox səmimiyik və bunu gizlətmirik. Artıq dediyim kimi, beynəlxalq gündəliklə bağlı praktiki olaraq fikir ayrılığımız yoxdur. Biz bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Burada çox düzgün deyildi ki, Azərbaycanın olmadığı, lakin Belarusun olduğu yerdə, yaxud Belarusun olmadığı, lakin Azərbaycanın olduğu yerdə biz həmişə bir-birimizi dəstəkləyir və müdafiə edirik”.

 

Aleksandr Lukaşenko II Avropa Oyunlarının Belarusda keçiriləcəyini xatırladıb və Azərbaycan Prezidentini 2019-cu ildə keçiriləcək həmin Oyunlara dəvət edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR