Prezident İlham Əliyev: “Biz Belarusla dostuq, tərəfdaşıq”
Noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Belarus Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident İlham Əliyev: “Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik. Bu gün ikitərəfli format demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə əməkdaşlıq prosesləri getdikcə genişlənir. Biz həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiririk. Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik. Sizi, Azərbaycanın yaxın dostunu, Azərbaycanda çox sevilən və hörmət bəslənilən bir insanı yenidən Bakıda görmək mənə çox xoşdur. Əminəm ki, Sizin bugünkü səfəriniz əməkdaşlığımıza yeni təkan verəcək. Münasibətlərimizin perspektiv inkişaf istiqamətlərini müəyyən edəcək xeyli sənədlər imzalanacaq”.
Aleksandr Lukaşenko: “ Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir.
Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz”.
Belarus prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevi Belarusa dəvət edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər