Azərbaycan Xocalı soyqırımı ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək

Azərbaycanda Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.

 

APA TV-nin məlumatına görə, bu barədə Milli Məclisdə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında vitse-spiker Bahar Muradova məlumat verib.


Onun sözlərinə görə, qanun layihəsi Xocalı soyqırımının 25 illiyi ərəfəsində açıqlanacaq. Layihə Xocalı soyqırımına məruz qalanların hüquqlarının tapdanmasına, bu cinayəti törədənlərin əməllərinə hüquqi qiymət verilməsinə şərait yaradacaq: "Bu məsələ yalnız siyasi məsələ olmamamlıdır. Bu cür bəşəriyyət əleyhinə cinayət törədən ölkələr, onların rəsmiləri, ayrı-ayrı şəxslər hüquq qarşısında cavab verməlidir. Onlar üçün beynəlxalq məhkəmələr qurulmalıdır. Hal-hazırda dünyada gedən proseslər və Qarabağ münaqişəsi başlandığı vaxtdan keçən müddət ərzində elə cinayətlər baş verib ki, insanları cinayət məsuliyyətinə cəlb etmək üçün hüquqi məhdudiyyətlə üzləşiblər".

 

Soyqırımdan 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən hələ də heç kimin cəzalandırılmadığını deyən B.Muradova əlavə edib ki, hərbi tribunala müraciətlə bağlı araşdırma aparılacaq və hazırlanacaq yeni qanun buna hüquqi şərait yaradacaq. Azərbaycan Xocalı soyqırımına hüquqi qiymətin verilməsi ilə bağlı beynəlxalq hərbi tribunala müraciət edəcək. 

 

Qanun layihəsi barədə məlumat verən MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə parlament tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq. Qanun layihəsi hazırlanarkən, beynəlxalq təcrübə öyrənilib: "Hazırlanması nəzərdə tutulan qanun beynəlxalq səviyyədə, beynəlxalq təşkilatlar səviyyəsində, beynəlxalq məhkəmələr səviyyəsində ən müasir inkişafı nəzərə alır. Belə bir qanunun hazırlanmasında ən mühüm məsələ beynəlxalq cinayətin dairəsinin məhdudlaşdırılmasıdır. Burada 5 cinayətdən söhbət getməlidir. Bunlar təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırım və hələ də beynəlxalq cinayət kimi heç bir hüquqi sənəddə qəbul edilməyən etnik təmizlənmədir".

 

Qanun layihəsində beynəlxalq cinayət törədənlərin ekstradisiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq.

 

Millət vəkili Qüdrət Həsənquliyev isə indiyə qədər Azərbaycanın  Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsinin düzgün olmadığını və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına soyqırımla bağlı müraciət etməli olduğunu deyib. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR