Astarada piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Astarada ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 25-də axşam saatlarında rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

 

Naməlum minik avtomobili yolun kənarında dayanmış 52 yaşlı kənd sakini Təliqə Mehdi qızı Quliyevanı vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada yaxınları tərəfindən dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çanaq sümüyünün sınığı, qapalı kəllə-beyin travması və sağ baldırının sınığı diaqnozu qoyulmuş zərərçəkmişə zəruri tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, çoxlu qan itirmiş Təliqə Quliyevanın həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

Mərhumun qardaşı qəza baş verən ərazidə minik və yük maşınlarının mütəmadi olaraq sürət həddini aşdıqlarını deyir.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hadisə yerindən yayınan sürücünün tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR