Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunacaq

“Tapşırıq vermişəm ki, jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək”. APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

 

"Şeyxülislam mükafatı maddi cəhətdən deyil, həm də mənəvi cəhətdən bir sizə mükafat verəndə o, sizin həyatınızda qalacaq. Sizinlə Şeyxülislam arasında ünsiyyət ruhanilik üstündə, Allah yolunda qurulmalıdır. Onu əgər bacarsanız, gələcəkdə çox işləyəcəyik, çox xeyir verəcəyik" - deyə o qeyd edib.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsiDini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün iki həftəlik seminar başlayıb. Seminar zamanı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərlə görüşüblər.

 

QMİ sədri Allahşükür Paşazadə bildirib ki, jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir. Çünki jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var. Şeyxülislam belə görüşün Azərbaycan tarixində ilk dəfə keçirildiyini deyib: “Əlbəttə ki, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfə baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu təlimin məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin".  

 

Mübariz Qurbanlı isə bildirib ki, jurnalistlərin dini bilgilərinin artması, din sahəsi üzrə jurnalistlərin ixtisaslaşması hazırkı dövr üçün olduqca vacibdir.

 

Öz növbəsində Əflatun Amaşov deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bilməyərəkdən radikal dini fikirlər təbliğ olunur: “Bu baxımdan belə təlimlərin keçirilməsi bu halların qarşısını alacaq”.

 

“Azərbaycanda baxmayaraq ki, din dövlətdən ayrıdır, dövlət və din həmişə bir yerdə olub”. Bu sözləri isə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  deyib. Onun fikrincə, vaxtilə başqa ölkələrə demokratiya və digər adlar altında təsir göstərməyə çalışanlar indi də din pərdəsi altında təsir göstərməyə çalışırlar: "Dini təbliğat məsələsində daha aktiv olmalıyıq. Bəzi insanlar gedib xaricdə qanunsuz silahlı qruplaşmalara qoşulur. Bizim burada torpaqlarımız işğal altında ola-ola onlar gedib xaricdə qanunsuz silahlı birləşmələrə qatılır. Amma nəyin uğrunda, heç özləri də bilmir. Biz mətbuatla birgə təbliğat işləri aparmaqla bu halların qarşısını almalıyıq".

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR