“Vandalizm” sənədli filminin təqdimatı keçirildi

Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi və "Trend" İnformasiya Agentliyinin dəstəyi ilə hazırlanan “Vandalizm” sənədli filminin təqdimatı keçirilib.

APA TV-nin məlumatına görə, filmin çəkilməsində məqsəd Azərbaycan əleyhinə işğalçılıq siyasət yeridən, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən Ermənistanın bu istiqamətdə əməllərini faktlarla ifşa etmək, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Ekran əsərinin ideya və ssenari müəllifi Emil Hüseynlidir.

Təqdimat mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, sənədli film Ermənistanın vandalizmi ilə bağlı görülən işlərdən biridir. Bu film vasitəsilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində dini və tarixi mədəniyyət abidələrinin dağıdılmasına diqqət çəkilir.

Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Ermənistan öncə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı soyqırım həyata keçirib, daha sonra  Azərbaycanın tarixi-mədəni abidələrini məhv edib. Azərbaycan bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarda iş aparır. Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş bölgələrə səfər etməsini tələb edib və buna nail olub. 2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər edib və məlum olub ki, erməni əhali Dağlıq Qarabağ ərazisində məskunlaşdırılır, eləcə də iqtisadi fəaliyyətlə məşğul olur. “Vandalizm” filmində də bu faktlar işıqlandırılır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ermənilərin Zəngilanda 500-700 yaşı olan çinar ağaclarını məhv etdiyini nəzərə çatdırıb: “O çinarlar tək Azərbaycanın deyil, dünyanın sərvətləridir. Füzuli rayonunda qədim insan məskəni olan Azıx mağarası da tək Azərbaycana məxsus deyil. Bütün bunlar həm də dünyanın tarixi-mədəni sərvətləridir. Ona görə də dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır”.

“Trend”in baş direktor müavini Arzu Nağıyev agentliyin erməni vandalizminin dünyaya çatdırılmasına xüsusi diqqət yetirdiyini söyləyib.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev bədnam qonşuların Xocalı soyqırımı törətdiklərini xatırladıb: “Soyqırımın böyüyü-kiçiyi olmur. Azərbaycan bayrağı bir gün mütləq Qarabağda dalğalanacaq”.

Daha sonra “Vandalizm” sənədli filmi nümayiş etdirilib. 

Qeyd edək ki, film ingilis dilinə tərcümə olunub. İlkin mərhələdə Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına göndəriləcək. Daha sonra sənədli film əcnəbi televiziyalarda nümayiş olunacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR