Mətbuat Şurası Tofiq Rüstəmovun 80 illik yubileyini qeyd etdi
Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə jurnalist Tofiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Tofiq Rüstəmovun Azərbaycan jurnalistikasının təşəkkülü və inkişafında müstəsna xidmətləri olduğunu deyib.
Mərhum jurnalistin müxtəlif vəzifələrdə çalışdığını deyən Şura sədri əlavə edib ki, onun fəaliyyətinin böyük hissəsini televiziya-radio jurnalistikası, tərcümə sənəti, ədəbi redaktənin tarixi, nəzəriyyəsi və təcrübəsi sahələri əhatə edib: "Tofiq Rüstəmov müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində İdeologiya şöbəsinin müdirinin 1-ci müavini olub. O zamanlar çox məsul vəzifə idi. Tofiq müəllim eyni zamanda "Kommunist" və "Xalq" qəzetlərinin 5 il baş redaktoru olub. Millət vəkili olub və üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirib".
BDU-nun jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli isə qeyd edib ki, Tofiq Rüstəmov tələbələrin sevimli müəllimi olmaqla bərabər, ləyaqətli insan, Azərbaycan jurnalistikasının ən dəyərli insanlarından biri olub. O, Azərbaycan jurnalistikasının, Azərbaycan pedaqogikasının, Azərbaycan tərcümə sənətinin brendi olub.
Tədbirdə mərhum jurnalistin həyat və yaradıcılığı ilə bağlı xatirələr bölüşülüb.
Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi T.Rüstəmov "Qızıl qələm", "Ustad" Ali Jurnalistika mükafatları laureatıdır. O, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. Tofiq Rüstəmov televiziya və radioda ictimai-siyasi verilişlər hazırlayıb, tərcümələr edib, tərcümə, televiziya və radio jurnalistikası kafedrasının yaradıcısı olub, BDU-nun jurnalistika fakültəsinin dekanı vəzifələrində çalışıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər