Masallıda mikroavtobus aşdı: 7 yaralı

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-sə saat 11.55 radələrində Ələt-Astara magistralının 157-ci kilometrliyində, yolun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Masallının Çaxırlı kənd sakini, 1961-ci il təvəllüdlü Məharət Xamməd oğlu Xancanovun idarə etdiyi “Mercedes” markalı, 10 ME 461 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən idarəetməni itirərək yolun kənarına aşıb.

 

Nəticədə sürücü də daxil olmaqla daha 6 sərnişin, Masallının Çaxırlı kənd sakinləri - 1985-ci il təvəllüdlü Babək Allahverdi oğlu Məmmədov, 1972-ci il təvəllüdlü İlhamə Allahyar qızı Rəhimova, 1968-ci il təvəllüdlü Sirac Əvəz oğlu Alışov, 1959-cu il təvəllüdlü Aidə Vəli qızı Qurbanova, 1999-cu il təvəllüdlü Cavad Sirac oğlu Məmmədov və 1991-ci il təvəllüdlü Musa Şahmar oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Zərərçəkmişlərə müvafiq tibbi yardım göstərilib. Onlardan 5 nəfəri ambulator müalicəyə buraxılıb. Mikroavtobusun sürücüsü və sərnişin Musa Talıbov isə stasionar müalicəyə cəlb olunub.

 

İlkin versiya kimi hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri avtoekspertizanın çıxaracağı yekun rəydən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR