Rusiya əmək və sosial müdafiə sahəsində Azərbaycanın təcrübəsini öyrənir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Rusiyanın Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüş olub.
APA TV-nin məlumatına görə, Fondun sədr müavini Aleksey Polikaşinin başçılıq etdiyi nümayəndə heyəti bu qurumun departament rəhbərləri (Pavel Burov, Tatyana Lototskaya, Tamerlan Xamatxanov, Mixail Şulpin) və digər məsul şəxslərindən, habelə Rusiyanın bir sıra nüfuzlu KİV-lərinin əməkdaşlarından ibarətdir.
Səfərdə məqsəd ölkəmizin əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış iş sistemlərinin öyrənilməsi olub. Bununla əlaqədar Rusiya Sosial Sığorta Fondunun Azərbaycan ƏƏSMN-ə rəsmi müraciəti nəzərə alınmaqla, Fondun əməkdaşları üçün ölkəmizin əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış iş sistemlərinə dair seminar keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daim inkişaf etdiyini, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin getdikcə daha da genişləndiyini bildirib. Nazir ölkəmizdə idarəetmə və xidmətlər sisteminin müasir innovasiyalar əsasında qurulmasının Azərbaycan prezidenti İlham Əliyevin ölkənin hərtərəfli inkişafına xidmət edən islahatlar kursunda mühüm yer tutduğunu vurğulayıb. O, son illərdə elmi-texnoloji yeniliklərə istinad şəraitində əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib.
Ölkədə əmək və sosial müdafiə sahələri ilə bağlı geniş elektron xidmətlər şəbəkəsinin mövcud olduğunu bildirən S.Müslümov əmək müqavilələrinin elektron qeydiyyat sistemindən də bəhs edərək deyib ki, bütün bu yeni elektron sistemlər Azərbaycana məxsus olan, milli səviyyədə irəli sürülən təşəbbüslərin nəticəsi kimi formalaşan uğurlu innovativ təcrübələrdir: “Rusiyanın Sosial Sığorta Fondunun müraciətinə əsasən, Fondun əməkdaşları üçün əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların tətbiqi ilə bağlı təşkil etdiyimiz seminar da bu məqsədə yönəlib”.
A.Polikaşin ölkəmizdə əmək və sosial müdafiə sahələrində idarəetmə və xidmətlər sisteminin elektronlaşdırılması və şəffaflaşdırılması yönündə aparılan islahatları maraqla izlədiklərini diqqətə çatdırıb. O qeyd edib ki, hazırda Rusiyanın Sosial Sığorta Fondunun bir sıra fəaliyyət sahələrinin də avtomatlaşdırılması istiqamətində fəal işlər aparılır. A.Polikaşin bu sahədə Azərbaycanın uğurlu iş təcrübəsinin öyrənilməsinin Fond üçün məqsədəuyğun olduğunu, onların müraciətinə uyğun olaraq bunun üçün lazımi şərait yaradıldığına, seminarın təşkilinə görə Fondun rəhbərliyi adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdarlığını bildirib.
Görüşdə keçirilmiş seminar, ölkəmizin əmək və sosial müdafiə sistemlərinin elektron infrastrukturunun funksional imkanlarına dair fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər