İrəvan xanlığının tarixinə həsr olunmuş 4 broşür təqdim olundu

Prezident Kitabxanasında İrəvan xanlığının tarixinə həsr olunmuş 4 adda broşürün təqdimatı olub.

 

APA TV-nin məlumatına görə, kitablar Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən nəşr edilib.

 

Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur. O, qeyd edib ki, Azərbaycan xalqının tarixi daim təhrif olunub. Tarixçilərin vəzifəsi isə tarixi bərpa etməkdir.

 

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Onun sözlərinə görə, Tarix İnstitutunun nəşrlərinin elektron versiyaları ilk növbədə Prezident Kitabxanasının “Elektron kitablar” bölməsində yerləşdirilir.

 

“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri" kitabçalarının müəllifi Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafadır. O qeyd edib ki, bu əsərlərin yazılması 20 ilə başa gəlib.

 

Kitabçalar “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyası əsasında yazılsa da, yeni faktlar da verilib. Bu fikirləri isə “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” broşürlərinin müəllifi Tarix İnstitutunun aparıcı elmi işçisi, Güntəkin Nəcəfli deyib. Onun sözlərinə görə, xristian mənbələrində İrəvan hakimlərinin hansı sülalədən olduğuna dair məlumatlar sübut edir ki, bu ərazilər Azərbaycana məxsusdur.

 

Qeyd edək ki, kitabçalar rus və ingilis dillərinə tərcümə olunub.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR