Prezident Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub

Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.

 

Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri nümayiş olunur.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dövlət başçısına komitənin stendi və Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli naviqasiya sistemi - AzNav barədə məlumat verib. Naviqasiya sistemi iki komponentdən - Naviqasiya Proqramı və Naviqasiya Xəritəsindən ibarətdir. Həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik bu sistem Android, iOS, Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda, eyni zamanda telefon və planşetlərdə çalışır. Naviqasiya sistemi Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman, ərəb, türk, fransız, italyan və digər xarici dilləri də dəstəkləməklə çoxfunksiyalı imkanlara malikdir.

 

Dövlət başçısı “Onur Park Life” layihəsi ilə də tanış olub, “Bakı Ağ Şəhər” pavilyonuna baxıb. Bu, “Bakı Ağ Şəhər” layihəsinin 2011-ci ildə “Oil and Gas” sərgisindən sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Ağ Şəhərin 10 rayonundan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. Beş il ərzində buradan 700 min kubmetr çirkli torpaq daşınaraq, ərazi tamamilə təmizlənib. “Fransız məhəlləsi” adı ilə tanınmış “Yaşıl Ada” rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. “Yaşıl Ada”da layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Rayonun eksklüziv yaşayış kompleksi sayılan “Knightsbridge Residence”in tikintisinə də start verilib. Beş yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Bu, son illərdə Bakıda şəhərsalma ilə bağlı həyata keçirilən ən mühüm və genişmiqyaslı layihədir. Layihənin reallaşdırılması nəticəsində dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının siması daha da müasirləşəcək.

 

Azərbaycanın daşınmaz əmlak sektorunun nəhənglərindən olan “Yeni Həyat” Şirkətlər Qrupu da sərgidə uğurla təmsil olunur. 2002-ci ildə yaradılan, öz ideyaları və novatorluğu ilə fərqlənən “Yeni Həyat” Azərbaycanın tikinti bazarında ən qabaqcıl şirkətlərdəndir. Şirkət Avropanın bir çox qurumları ilə əməkdaşlıq etməklə ən müasir texnologiyaların tətbiqində zəngin təcrübə qazanıb.

 

Dövlət başçısı burada “AZİNKO HOLDİNQ” MMC şirkətinin stendi ilə də tanış olub. Prezident İlham Əliyevə 2006-cı ildən fəaliyyətə başlayan şirkət tərəfindən Bakıda inşa olunan 50 mərtəbəli iş mərkəzi barədə məlumat verilib. Bildirilib ki, binanın inşasına 2013-cü ildə başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası davam edir. Binanın gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

 

Regionda nümunəvi şəhərsalma layihəsi olan “AAAF Park” yaşayış kompleksi də sərgidə yeni layihələrini təqdim edir. Şirkətin layihələri əsasən regionlarda inşa edilir və ilk layihə Xırdalan şəhərində reallaşdırılıb. Bu layihələrin bölgələrdə icra olunması ümumilikdə regionların sosial-iqtisadi inkişafına töhfələr verir.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 330 hektarlıq ərazini əhatə edən “Dreamland” - “Xəyal Adası” yaşayış kompleksinin stendi ilə də tanış olublar.

 

Noyabrın 24-dək davam edəcək bu mühüm sərgi həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid nüfuzlu şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR