Bakıda Türk filmləri həftəsi başladı

Noyabrın 22-də Bakıda Türk filmləri həftəsinin açılışı olub.

 

APA TV-nin məlumatına görə, Nizami Kino Mərkəzində keçirilən Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə baş tutub.

 

Açılışda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən danışıb. O, qeyd edib ki, mədəni əlaqələrin inkişaf etməsində belə tədbirlərin rolu böyükdür: “Bu tədbirlər Türkiyə və Azərbaycan xalqlarını birləşdirir. Bir-birini daha yaxında tanımasına, anlamasına köməklik göstərir. Bu səbəbdən belə tədbirləri hər zaman dəstəkləyirik və gələcəkdə də dəstəkləməyə davam edəcəyik”.

 

TİKA-nın Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfa türk filmləri həftəsinin Azərbaycanın digər şəhərlərində də keçiriləcəyini vurğulayıb. O, gələn ay Gəncədə, növbəti illərdə isə digər şəhərlərdə də azərbaycanlı izləyicilərə türk kinematoqrafiyası nümunələrinin təqdim olunacağını bildirib.

 

Türk filmləri həftəsinin açılışı mərasiminə “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan aktrisa Meral Konrat, gənc aktyorlar Sarp Leventoğlu, Emre Kızılırmak, həmçinin rejissorlar Ozhan Eren, Öner Kılıç, Altan Sönmez də qatılıb.

 

Meral Konrat: “Bu şəkildə bir araya gəlirik. Çəkilən filmlər, mədəni fəaliyyət vasitəsilə. Sürpriz layihələr var. Özəlliklə də Azərbaycanla bağlı. Qismət…”

 

Sarp Leventoğlu: “Bizi qonaqpərvərliklə qarşıladınız. Təşəkkür edirəm. “Deli ormanlı” filmi ilə gəlmişik. Biz bunu keçən ilin aprel ayında təqdim etdik. İnternetdən müsbət rəylər aldıq. Biz də bura gəlib izləyicilərlə bərabər izləmək istədik”.

 

Emre Kızılırmak: “Bakıya ilk səfərimdir. Hava çox soyuqdur. Amma dostların isti münasibəti xoş oldu”.

 

Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, film müasir dövrdə əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir: “Türk filmlərini yalnız Azərbaycanda deyil, türk dünyasında da nümayiş etdirmək niyyətindəyik. Eyni zamanda türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq digər ölkələrdə təqdim edilməlidir”.

 

Açılış mərasimində xalq artisti Azərin 15 iyul şəhidlərinə həsr olunmuş yeni nəğməsini təqdim edib.

 

Tədbirdə Türk filmləri həftəsinin gələn ay Astanada da təşkil ediləcəyi bildirilib.

 

Sonra “Kalandar soğuğu” filmi nümayiş olunub. Qeyd edək ki, Türkiyə 2017-ci ildə “Oskar” mükafatına bu filmi təqdim edəcək.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR