Səfir: "Qarabağ Türkiyənin qanayan yarasıdır"

"Türkiyə ilə Azərbaycanın terrorla mübarizə və Dağlıq Qarabağ probleminin həlli istiqamətində birgə əməkdaşlığı bu gün də davam edir". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə verdiyi açıqlamasında səsləndirib.

 

"Terrorla mübarizə məsələsində Türkiyə ilə Azərbaycan lazımi birgə fəaliyyəti həyata keçirir, bir-birinə lazımi dəstək verir. Qarabağ, sizin də söylədiyiniz kimi, həm Azərbaycanın, həm də Türkiyənin qanayan yarasıdır. Qarabağ münaqişəsinin həllinin tezliklə tapılması vacibdir. Bu məsələdə də Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər zaman davam edir. Həm Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönələn səylər, həm də terrorla mübarizə məsələsində iki ölkə arasında birgə əməkdaşlıq bu günə qədər olduğu kimi, bundan sonra da hər zaman davam edəcək" - deyə diplomat qeyd edib.

 

Terrorla mübarizəyə dair birgə addımların atılması perspektivlərinə gəlincə, səfir bu istiqamətdə addımların hər zaman atıldığını, bundan sonra da terrorla mübarizədə iki qardaş ölkənin birgə hərəkət edəcəyini bildirib: "Daha öncə də dediyim kimi, bu istiqamətdə konkret addımlar hər zaman atılır. Buna görə də əməkdaşlıq bundan sonra da artaraq, nə qədər ehtiyac varsa, davam edəcəkdir. Buna görə də mən terrorla mübarizə məsələsində bizə verdiyi dəstək üçün Azərbaycan hökumətinə çox təşəkkür edirəm".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR