Ağsuda kütləvi dava: iki qardaş dörd nəfəri bıçaqladı

Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb.

 

Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən iki qonşu kəndin gəncləri arasında kütləvi dava baş verib.

 

Hadisə zamanı rayonun Ağarx kənd sakinləri - 1984-cü il təvəllüdlü Vəliyev Mansur İrzaxan oğlu və 1989-cu il təvəllüdlü qardaşı Vəli şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978-ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlunu bıçaqlayıb. Hadisə yerindən qaçıb gizlənən qardaşlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı tapılaraq istintaqa təhvil verilib.

 

Yaralılar Ağsu rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Cərrahiyyə əməliyyatı olunan yaralılar hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onların vəziyyəti orta-ağır olaraq qalır.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR