Avropa İttifaqı NATO-ya alternativ hərbi blok yaradır

Noyabrın 22-də Avroparlament tərəfindən Avropa İttifaqının daxilində xüsusi hərbi blokun yaradılmasını nəzərdə tutan xüsusi qətnamə qəbul edilib.

 

APA TV-nin məlumatına görə, bu barədə məlumat Avropa Parlamentinin internet saytında yerləşdirilib. Bununla bağlı qurumun adından yayılan rəsmi açıqlamada deyilir: "Terrorçuluq, hibrid müharibələri, kiber-təhlükələr və enerji təhlükəsizliyi problemi ittifaq üzvü olan ölkələri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq istiqamətində səyləri artırmağa vadar etməklə yanaşı, Avropa İttifaqı ölkələrinin hərbi müdafiəsi üzrə xüsusi orqanın yaradılmasını aktuallaşdırır".

 

Deputatlar tərəfindən həmçinin ümumdaxili məhsulun 2 faizinin NATO-nun fəaliyyətsiz qaldığı nöqtələrdə hərəkətə keçəcək bu qurumun formalaşdırılmasına sərf olunması təklif edilir.

 

Avropa Parlamentinin məruzəçisi Urmas Paet isə ittifaqın hərbi cəhətdən hələ də NATO və ABŞ-dan asılı olduğunu bildirərək, hazırda müdafiə sahəsində kəskin addımların atılması vaxtının gəldiyini diqqətə çatdırıb.

 

Sənəddə deputatlar ittifaqı ümumilikdə müdafiə siyasətinə rəhbərliyi həyata keçirməyə və bu siyasətin tətbiqi üçün maliyyə resurslarının ayrılmasını təmin etməyə çağırıb. Eyni zamanda Avropa Parlamentinin üzvləri ittifaqın NATO ilə daha sıx əməkdaşlıq etməli olduğunu bildiriblər.

 

Qətnamənin lehinə 369, əlehinə 255 deputat səs verib. 70 avroparlamentari isə bitərəf qalıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR