Qonşusunun evindən oğurluq etdi - 3 DƏFƏ

Avqust ayından başlayaraq Göygölün Üçtəpə kəndində Sərxan Qurbanova məxsus fərdi yaşayış evində silsilə oğurluq hadisələri qeydə alınıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, evdə yaşayan şəxslərin aylardır ölkə xaricində olmasından maksimum yararlanan "qəhrəman" oradan xeyli miqdarda qiymətli məişət əşyaları və kompüter dəstini oğurlayıb. Zərərçəkənlər isə baş verən olaydan bu ilin noyabr ayında xəbər tutublar.

 

Hadisə ilə bağlı məlumat alan Göygöl polisi əməliyyat tədbirlərinə başlayıb. Müəyyən edilib ki, oğurluğu törədən zərərçəkənin keçmiş qonşusudur.

 

Müstəntiq Hilal Rüstəmovun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Üçtəpə kənd sakini Sərxan Süleymanovun evindən oğurluq edən 1979-cu il təvəllüdlü Süleymanov Xəyyam Yusif oğlu saxlanılıb. Onun oğurladığı cehiz əşyalarının bir qismi maddi sübut kimi götürülüb".

 

Maddi sübutların bir qisminin Xəyyam Süleymanovun yaşadığı mənzildən aşkarlanması saxlanılan şəxsin törətdiyi əməldən boyun qaçırmasına imkan verməyib. O, sözügedən ünvandan 3 dəfə oğurluq etdiyini deyib: "Qonşu olmuşuq. Bilirdim evdə heç kim yoxdur. Gecə gedib oğurlayıb, gündüz aparıb satırdım. İçkili vəziyyətdə oğurluq etmişəm".

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Əvvəllər dələduzluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayan 37 yaşlı Xəyyam Süleymanovun digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR