Bərdədə məcburi köçkünlər qazsız qalıb - PROBLEM
Bərdədə yaşayan 3 məcburi köçkün ailəsi məskunlaşdıqları tikiliyə mavi yanacağın verilməsini istəyir.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, 23 ildir Bərdə şəhərinin Zöhrabbəyov küçəsində yerləşən iaşə obyektində yaşayan Orucovlar ailəsi aidiyyəti qurumlara müraciət etsə də müsbət cavab ala bilmirlər.
İldırım Orucov, məcburi köçkün: "Biz burda 3 ailə yaşayırıq - oğlanlarım, qızım, bir də biz. Hər yerə müraciət etmişik, məktub da yazmışıq, gəliblər, amma xeyri yoxdur. Niyə qaz çəkmirlər, başım çıxmır".
Ağdamın Qiyaslı kəndindən məcburi köçkün düşən ailə uzun illərdir qış aylarında yanacaq kimi odundan istifadə edir. İldırım Orucov hər il qış mövsümündə oduna 1000 manatdan çox pul xərcləndiyini deyir: "Keçən ildən aldığımız odunun pulunu borcluyuq. Bu il də almışıq, qaz çəkməsələr gərək yenə odun yandıraq".
Sovet dönəmində çayxana kimi fəaliyyət göstərən obyekt sonradan özəlləşdirilərək şəxsi mülkə çevrilib. Bu səbəbdən məcburi köçkünlərin müraciət etdiyi idarə və təşkilatlar obyekt sahibindən razılıq əldə olunmasının vacibliyini bildirir. Obyekt sahibinin kimliyi bilinmədiyi üçün heç bir müsbət nəticə əldə olunmur.
Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Tərtər Regional Qaz İstismarı İdarəsinə. İdarənin baş mühəndisi Azər Bayramov APA TV-yə açıqlamasında bildirib ki, ailənin onlara müraciəti əsasında həmin obyektdə olublar və problemin yeganə həlli yolu yalnız obyekt sahibinin müraciəti əsasında mümkün ola bilər: "Həmin ailələrin şifahi müraciəti əsasında biz binaya baxış keçirmişik. Bina şəxsi obyektdir. Binada 3 məcburi köçkün ailə məskunlaşıb. Onlara izah olunub ki, həmin binaya qazın çəkilməsi üçün əvvəlcə bina sahibinin razılığı və "Qaçqınkom"dan alınmış arayışla xüsusi qaydada müraciət olunmalıdır. Texniki şərt alındıqdan və lisenziyası olan podratçı təşkilatla müqavilə bağlandıqdan sonra obyektdə yaşayan abonentlərin qazla təmin olunması mümkündür".
Baş mühəndis onu da qeyd edib ki, bu, bütün abonentlər üçün keçərlidir. Çünki istər yaşayış evi, istər iaşə obyektləri, istərsə də müxtəlif tiklilərin qazlaşdırılması zamanı təhlükəsizliyin qorunması üçün sözügedən obyektlərə sahibi məsuliyyət daşıyır. "Azəriqaz" İstehsalat Birliyi abonentlərin ehtiyatsız davranışları ucbatından yarana biləcək hadisələrin məsuliyyətini öz üzərinə götürmür.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər