Türkiyədə etirazla qarşılanan "təcavüz qanunu" müzakirədən çıxarıldı

Türkiyədə etirazla qarşılanan cinsi istismarla bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin bugünkü iclasında müzakirədən çıxarılıb və komissiyaya göndərilib.

 

APA TV-nin xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün məsələnin razılaşma ilə həll olunmasına və tənqid-təklifləri nəzərə almağa dair hökumətə çağırışından sonra bu addım atılıb.

 

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin baş naziri Binəli Yıldırm hökumətin müxtəlif təbəqədən olan insanlardan gələn tənqid və təklifləri nəzərə aldığını bildirib: "Məclisə bir qanun təklif edək dedik. Birdən-birə qiyamət qopdu. "Təcavüz əfv edilir" dedilər. Belə bir şey yoxdur. Bizim məqsədimiz bu zərəri aradan qaldırmaqdır. Həm cəmiyyətdə bu problemin həlli, həm prezidentimizin bu məsələnin həlli ilə bağlı çağırışı, həm də müxalifət partiyalarının öz təkliflərini inkişaf etdirməai üçün vaxtın verilməsi baxımından məclisdəki bu qanun layihəsini komissiyaya göndəririk. Komissiyada ətraflı, bütün tərəflərin fikirləri nəzərə alınaraq dəyərləndirilər, problem həll olunar".

 

Qeyd edək ki, hakim partiyanın təklif etdiyi qanun layihəsi ilə bağlı Türkiyədə etiraz aksiyaları da keçirilib. Etirazçılar bu qanunun qəbuluna imkan verməyəcəklərini, öz uşaqlarını müdafiə edəcəklərini bildiriblər. Onlar layihə qəbul olunsa, uşaqların cinsi istismarına qanunla icazə veriləcəyini bildirib.

 

Qeyd edək ki, təklif olunan qanun layihəsinə görə, 18 yaşdan aşağı qızları zorlayan kişilərin onlarla evlənəcəyi halda, əfv olunması nəzərdə tutulur. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR