Bakıda iki avtobus və iki minik maşını toqquşdu: 3 yaralı
Bakıda iki avtobus və iki minik maşının iştirakı ilə zəncirvarı yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev prospektində, metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.
57 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib. Nəticədə avtobus "Mercedes" markalı minik avtomobilinə arxadan çırpılıb. Zərbə güclü olub və "Mercedes" qarşıda 40 saylı marşrut xətti ilə "Daewoo" markalı sərnişin avtobusuna dəyib. Avtobus isə "Toyota" markalı minik maşınını arxadan vurub.
Qəza nəticəsində hər iki avtobusa ciddi ziyan dəyib, "Mercedes" markalı minik maşını isə yararsız hala düşüb. Hadisə zamanı avtobuslarda sərnişinlər olub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. "Mercedes" markalı minik maşınında olan iki nəfər - 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 57 saylı avtobusda xəsarət almış bir sərnişinə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılmasına ehtiyac duyulmayıb.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb ediliblər.
Toqquşan avtobuslar və minik maşınlarının yolun hərəkət hissəsində qalması Qara Qarayev prospektində nəqliyyatın hərəkətinin dayanmasına səbəb olub.
Qəzaya uğrayan avtomobillər təxliyə edildikdən sonra yolda hərəkət bərpa edilib.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbi aparılan araşdırmaların gedişində məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər