Xalq artisti Nəriman Əzimov Gəncədə torpağa tapşırıldı
Azərbaycanın xalq artisti, dirijor Nəriman Əzimov Gəncədə dəfn edilib. APA TV-nin qərb bürosunun məlumatına görə, onunla vida mərasimi Gəncə Dövlət Dram Teatrında təşkil olunub.
Mərasimdə şəhərin mədəniyyət, elm və ictimaiyyət nümayəndələri iştirak edib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev çıxış edərək, Nəriman Əzimovun həyat və yaradıcılığından danışıblar.
Xalq artisti Fikrət Verdiyev bildirib ki, uzun illər Nəriman Əzimovla dost olub. Onun 40 ildən artıq dahi Üzeyir Hacıbəyovun yolunu davam etdirdiyini deyən F. Verdiyev Nəriman Əzimovun Gəncənin mədəniyyət həyatı üçün böyük işlər gördüyünü, bu şəhərdə ansambl yaratdığını söyləyib. Digər çıxış edənlər Nəriman Əzimovla bağlı xatirələrini danışıblar.
Övladları Nadir və Namiq Əzimovlar atalarının xatirəsini əziz tutduqlarına görə ictimaiyyət nümayəndələrinə və İcra Hakimiyyəti aparatına minnətdarlıqlarını bildiriblər.
Mərhum vəsiyyətinə uyğun olaraq Gəncənin Səbsikar qəbiristanlığında anasının məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş.
Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Nəriman Əzimov 1982-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər