Ərdoğan: "Qərb bilsin ki, terror bumeranq kimidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Parlament Assambleyasının payız sessiyasında qurumun əleyhinə ciddi ittihamlarla çıxış edib.

 

APA TV-nin məlumatına görə, Ərdoğan dolayısı ilə alyansdakı müttəfiqlərini terrora dəstək verməkdə təqsirləndirib: "Siz bilirsinizmi ki, İraq və Suriyada zərərsizləşdirilən terrorçulardan dostlarımızın istehsal etdiyi silahlar çıxdı?"


O qeyd edib ki, terror qruplaşmalarından qaynaqlanan təhdidlər hamı üçün təhlükədir: "Mücadilənin ortaq həyata keçirilməsi vacibdir. Terrora qarşı əməliyyatlarımıza dəstək verməniz gücümüzə güc qatmış olar. İŞİD-ə və PKK-ya qarşı apardığımız mübarizədə dəstəyinizi gözləyirik. Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı PKK nümayəndələrinin qitənin bəzi ölkələrində sərbəst dolaşmasını, dövlət binalarının qarşısında aksiya təşkil etmələrini həzm edə bilmərik. Hamı buna qarşı tədbir görməlidir. Əgər belə olmazsa, bunu bilin ki, terror bumeranq kimidir".


Türkiyə rəhbəri qeyd edib ki, onların heç bir ölkənin torpağında gözü yoxdur: "Terrora dəstək verən ölkələr bilməlidir ki, bunun qarşılığını ödəyəcəklər. Biz öz təcrübəmizdən danışırıq, biz terrora qarşı vətəndaşlarımızın canı bahasına mücadilə veririk. Kimsənin suverenliyinin pozulmasını istəmirik, təcrübəmizdən istifadə edərək terrorun kökünü qazımaq istəyirik. Biz bu yolda müvəffəqiyyət qazana bilməsək terror dünyanı sel kimi ağzına götürəcək. Bizə verilən dəstək, dəstək verən ölkənin də təhlükəsizliyi deməkdir".

 

İyul ayında alyansın Varşava sammitində kritik qərarlar verildiyinə diqqət çəkən Ərdoğan həmin qərarların İstanbulda daha peşəkarcasına gözdən keçirilməsinə əmin olmaq istədiyini vurğulayıb.

 

NATO tərkibində ikinci böyük orduya sahib olduqlarını deyən Ərdoğan, "soyuq müharibə" zamanında alyansın vazkeçilməz üzvü olduğunu xatırladıb.

 

Türkiyənin bütün dünyada sülhün bərqərar olunması üçün həm siyasi, həm də hərbi dəstəyini davam etdirdiyinə diqqət çəkən prezident Suriyada da bunu davam etdirdiklərini qeyd edib. Bununla yanaşı Ərdoğan 3 milyon suriyalı və iraqlıya da qucaq açdıqlarını bildirib. Bunun üçün Avropa Birliyinin söz verdiyi məbləğin cüzi bir hissəsini aldıqlarını deyən dövlət başçısı, Suriya sərhədləri daxilində də insanların aclıqdan əziyyət çəkməmələrinə göz yummadıqlarını xatırladıb.


Suriyada günün nəbzini tuta bilən birinci ölkə olduqlarını iddia edən Ərdoğan adı çəkilən ölkədə PKK-nın qanadı olan PYD/YPG-nin İŞİD-ə qarşı mübarizəsini bir terror qruplaşmasının digər bir terror təşkilatına qarşı aparılan mücadilə kimi dəyərləndirib. O, bütün bunları Qərbin bilmədiyinə inanmadığını söyləyib.


Ərdoğan vurğulayıb ki, yalnız müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə NATO ölkəsi olan Türkiyə terrordan yaxa qurtara bilər.


Ərdoğan çıxışının sonunda Ukrayna məsələsinə də toxunub və bu problemin adı çəkilən ölkənin bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına tərəfdar olduqlarını bildirib. Ankara-Moskva münasibətlərinin normallaşmasının bu istiqamətdə faydalı olacağına inandığını söyləyib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR