"KamAZ"ın çırpıldığı "Mercedes" yandı: 1 ölü, 3 yaralı

Goranboyda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan “KamAZ” markalı yük avtomobili arxadan yolun hərəkət zolağında dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Mercedes” alışıb. Hadisə yerinə cəlb edilən FHN-nin yanğınsöndürənləri alovu söndürüblər. Qəza zamanı “Mercedes” in sürücüsü 34 yaşlı Murad Nəzərov hadisə yerində ölüb. Maşında olan 3 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Kəlbəcər rayon sakinləri 30 yaşlı Rövşən Şahnəzərov, 40 yaşlı Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan Aftandil  Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir. Yaxınlıqda yaşayan sakinlər güclü səs eşitdiklərini deyiblər: "Saat 2-nin yarısı olardı, güclü səs eşitdik. Baxdıq ki, qəza olub, yanğın baş verib. Biz də köməyə yetişdik. İçəridə xəsarət alan uşaq, böyük var idi. Tibbi yardımdan sonra onlar ambulansa yerləşdirildi".

Sakinlər qəzaya əsas səbəb kimi magistral yolun qəsəbə ərazisindən keçən hissəsinin işıqlandırılmamasını göstərirlər. İşləməyən yol işıqları ucbatından ərazidə gecə vaxtlarda tez-tez qəzaların baş verdiyi bildirilir: "Bu kəndin içində keçiddir. Burda yol işarəsini 90 qoyublar. Zazalı postundan Gəncəyə isə boş yola 60 qoyublar. Yol polisləri orda radar tutur. Bura isə kəndin içidir, bir dənə də işıq yoxdur. İşıq dirəyinin birini vur aşır, deyəcəklər ki, 750 manat hökumət qiymətidir. Amma bir dənə işıq yanmır".

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR