Ərdoğanın açıqlaması NATO-nu hərəkətə keçirdi - SƏBƏB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatında təmsil oluna biləcəyinin siqnallarını verib. APA TV-nin məlumatına görə, o, bu barədə Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərə danışıb.

Ərdoğan bildirib ki, bu addım Türkiyənin dünyada daha rahat hərəkət etməsi üçün faydalı ola bilər.  

Türkiyənin dövlət başçısının bu fikirlərinə rəsmi Moskvanın reaksiyası özünü gecikdirməyib. Dumanın Xarici əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov Ərdoğanın mövqeyinin məntiqli olduğunu qeyd edib.

Puşkov etiraf edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı hazırda Avropa Birliyi kimi güclü deyil, lakin o, buradakı üzvlərin daha müstəqil olduğunu iddia edib.

 

Xatırladaq ki, rəsmi Ankara ilə Avropa Birliyi arasında münasibətlər hazırda ürək açan deyil. Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə rəsmiləri bir neçə dəfə qarşı tərəfə onları 53 ildir gözlətdiklərini xatırladıblar.


Son çıxışında isə Ərdoğan "Brexit"i misal gətirərək Fransa  və İtaliyada da eyni addımın atıla biləcəyini istisna etməyib. Məhz buna görə, dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatında Türkiyənin daha çox uğur qazana biləcəyinə işarə vurub.

Bu açıqlamalardan sonra NATO baş katibi Yens Stoltenberq Türkiyə prezidenti və adı çəkilən ölkənin milli müdafiə naziri ilə görüşəcəyini deyib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR