Azərbaycandan İrana getmək istəyən Türkiyə vətəndaşı Astarada dünyasını dəyişdi

Azərbaycandan İran İslam Respublikasına getmək istəyən Türkiyə vətəndaşı Astarada dünyasını dəyişib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Astara gömrük-keçid məntəqəsində qeydə alınıb.

 

Türkiyənin Qars vilayətindən olan 56 yaşlı Aydın Cisim gömrük-nəzarət məntəqəsindən İran İslam Respublikası ərazisinə keçmək istəyərkən qəfildən vəziyyəti pisləşib. Ətrafdakıların köməyi ilə Aydin Cisim ərazidən uzaqlaşdırılıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Onların müdaxiləsinə baxmayaraq, Türkiyə vətəndaşının həyatını xilas etmək mümkün olmayıb.

 

Mərhumun həyat yoldaşı Svetlana Abdulovanın sözlərinə görə, həyat yoldaşı bir müddət əvvəl ürəyindən əməliyyat olunub. Bu dəfə cütlük İrana müalicə üçün gedirmiş.

 

Aydın Cismin meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Onun ölümünün dəqiq səbəbləri müayinələrin nəticələrindən sonra məlum olacaq.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR